Ağdaşda şadlıq sarayında İlkin İsgəndərlinin qətlə yetirilməsi ilə bağlı məhkəmə hökmündən apellyasiya protesti verilib.
Dövlət ittihamçısı Şəki Ağır Cinayətlər Məhkəməsinin Qadir Məmmədov barəsində çıxardığı hökmü mübahisələndirib.
Məhkəmənin hökmü ilə 1970-ci il təvəllüdlü Qadir Məmmədov Cinayət Məcəlləsinin 120.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Prokuror isə onun Cinayət Məcəlləsinin 120.2.2 və 228.4-cü maddələri ilə təqsirli bilinməsini, 19 il müddətinə həbs cəzası almasını və cəzasını ciddi rejimli müəssisədə çəkməsini tələb edib.
İttiham tərəfinin mövqeyinə əsasən, hadisədə xuliqanlıq motivinin olması nəzərə alınmalıdır. Lakin birinci instansiya məhkəməsi əməldə xuliqanlıq tərkibinin olmadığı qənaətinə gəlib.
Mərhumun atası Hafiz Əliyev isə hökmü ədalətsiz hesab etdiyini bildirib. O, oğlunu öldürən şəxsə ömürlük həbs cəzası verilməsini tələb edib.
İlkin İsgəndərli ailəli olub, onun bir azyaşlı övladı qalıb.
İş üzrə apellyasiya protestinə Şəki Apellyasiya Məhkəməsində hakim Anar Əsgərovun sədrliyi ilə baxılacaq.
Hadisənin təfərrüatlarına görə, İlkin İsgəndərli dostları ilə birlikdə Qobustandan Ağdaşa toy mərasiminə gedib. Toyun sonunda mahnı ilə bağlı mübahisə yaranıb və tərəflər foyeyə çıxıblar. Mübahisə zamanı İlkin bıçaqlanaraq öldürülüb.
Mərhumun ailəsi hadisədə bir neçə şəxsin iştirak etdiyini iddia edir. Ailə həmçinin şadlıq sarayında 28 kamera olduğunu, lakin cinayətin görüntülərinin əldə edilmədiyini bildirib.
Qadir Məmmədov isə ifadəsində İlkinin oğlu ilə mübahisə etdiyini, onun özünə zərbə vurduğunu və bundan sonra xəncərlə İlkinə zərbələr endirdiyini deyib.
