Polkovnik Oktay Babayevin məhkəməsində: 30 min manatlıq iş üzrə yeni tələb
Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəis müavini, polkovnik Oktay Babayevin cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.
Bakı Hərbi Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı Babayevə 3 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını istəyib.
Zərərçəkmiş şəxs kimi tanınan mayor Ruhin Tağıyev isə bildirib ki, ona dəymiş ziyan tam şəkildə ödənilərsə, təqsirləndirilən şəxslə barışa bilər.
İş materiallarına görə, cinayət işi 30 min manatlıq pulun verilməsi ilə bağlıdır. İttihamda qeyd olunur ki, Oktay Babayev həmin vaxt Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivinin və Tibbi Sənədlər Arxivinin rəisi olan Ruhin Tağıyevdən 30 min manat alıb.
İddia olunur ki, pul Tağıyevin sərəncama göndərilməsinin qarşısının alınması və hərbi xidmətdə saxlanılmasına köməklik göstərilməsi vədi ilə verilib.
Lakin sonradan Ruhin Tağıyev özü korrupsiya ittihamı ilə həbs olunub. O, hazırda başqa cinayət işi üzrə Bakı Hərbi Məhkəməsində mühakimə edilir.
Oktay Babayevə Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə qulluq mövqeyindən istifadə etməklə dələduzluq ittihamı verilib. Təqsirləndirilən şəxs isə ittihamı qəbul etmir.
Məhkəmədə Ruhin Tağıyev 30 min manatı Zaur adlı şəxsin iştirakı ilə Babayevə verdiyini, bunun üçün borc götürdüyünü bildirib.
Qeyd edək ki, Oktay Babayev uzun illər Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. O, Naxçıvan Muxtar Respublikası Hərbi Polis İdarəsinin rəisi vəzifəsində də çalışıb.
Babayev 2026-cı ilin mayında yaş həddinə çatması ilə əlaqədar hərbi xidmətdən ehtiyata buraxılıb.
İş üzrə məhkəmə araşdırması davam edir. Yekun hökm hələ elan olunmayıb.
