Şəkidə “Zipline” faciəsi: iki nəfərin ölümü araşdırılır
Şəkinin Baş Küngüt kəndində yerləşən “Şəki yaylası” istirahət mərkəzində iki şəxsin “Zipline” əyləncəsindən istifadə zamanı həlak olması ilə bağlı araşdırma aparılır.
Baş Prokurorluğun məlumatına görə, hadisə sentyabrın 8-də baş verib. İlkin məlumata əsasən, 1999-cu il təvəllüdlü Ucal Bayramov və 1995-ci il təvəllüdlü Coşqun Məmmədzadə “Zipline” qurğusundan istifadə edərkən kanat sisteminin bərkidildiyi metal konstruksiya deformasiyaya uğrayıb.
Bunun nəticəsində əsas mexaniki qurğu kanatdan çıxıb və əlavə təhlükəsizlik avadanlığı zədələnib. Şəxslər hündürlükdən yerə düşərək ölüblər.
Hadisə ilə əlaqədar əraziyə və meyitlərə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib.
Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə cinayət işi başlanıb və ibtidai istintaq davam etdirilir.
İstintaq çərçivəsində “Zipline” qurğusunun texniki vəziyyəti, təhlükəsizlik tələblərinə uyğunluğu, həmçinin hadisənin digər səbəb və şəraiti müəyyənləşdirilir.