Gəncə Dövlət Regional Kollecində korrupsiya faktları ilə bağlı cinayət işi
Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Gəncə Dövlət Regional Kollecində külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı cinayət işi başlanıb.
Məlumata görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin apardığı istintaq nəticəsində kollecin sabiq rəhbərləri Fəxrəddin Zeynalov və İlqar Kubışov, həmçinin əməkdaşları Gülnar Bağırzadə və Məlahət Əsgərova cinayət məsuliyyətinə cəlb ediliblər.
Onlara qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddələri ilə ittiham irəli sürülüb.
Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilməyib. Onlar məhkəməyə qədər “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə azadlıqda saxlanılıblar.
İttiham üzrə təqsirli olduqları məhkəmədə sübuta yetiriləcəyi təqdirdə, qanunvericiliyə əsasən, onları 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.
Qeyd edək ki, Gəncə Dövlət Regional Kollecinə 2023-cü ilədək Fəxrəddin Həsənov rəhbərlik edib. O, təqaüdə çıxdıqdan sonra kollecin direktoru vəzifəsinə riyaziyyat üzrə fəlsəfə doktoru, dosent İlqar Kubışov təyin edilib. Kubışov təxminən bir il sonra vəzifəsindən azad olunub.
