“Şəki Yaylası”nda iki nəfərin ölümü ilə nəticələnən hadisənin təfərrüatı
“Şəki Yaylası” istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən hadisənin bəzi təfərrüatları məlum olub.
Məlumata görə, hadisə qoşaçarxlı kanat tipli qurğudan istifadə zamanı baş verib.
Bildirilib ki, Bakıdan Şəkiyə istirahətə gedən 31 yaşlı Coşqun Məmmədov və 27 yaşlı Ucal Bayramov kanat qurğusundan istifadə edərkən asılqanlı diyircəyin trosdan çıxması nəticəsində yüksəklikdən yerə düşüblər.
Hadisə nəticəsində hər iki şəxs aldığı xəsarətlərdən ölüb.
Qeyd edək ki, hadisə sentyabrın 8-də Şəkinin Baş Kəldək kəndi ərazisində yerləşən “Şəki Yaylası” istirahət mərkəzində baş verib.
İlkin məlumatda hadisənin kanat yolunun trosunun qırılması nəticəsində baş verdiyi bildirilsə də, hadisənin dəqiq səbəbləri araşdırılır.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.