Moskvada azərbaycanlı iş adamlarından pul tələb edən dəstə saxlanıldı – “Zayka”ya qarşı əməliyyat zamanı zor tətbiq edilib
Moskvada azərbaycanlı iş adamı Qod Nisanova məxsus “Mandarin” Ticarət Mərkəzində fəaliyyət göstərən sahibkarlardan pul tələb etməkdə şübhəli bilinən kriminal qruplaşmanın üzvləri saxlanılıb.
Xəbər verdiyimiz kimi, xüsusi əməliyyat nəticəsində “Zayka” ləqəbi ilə tanınan Zaur Əliyev, onun qardaşı Azər Əliyev və daha səkkiz nəfər tutulub. Əməliyyat zamanı saxlanılan şəxslərə qarşı güc tətbiq edildiyi bildirilir.
Əldə olunan məlumata görə, xüsusi əməliyyat zamanı saxlanılan Zaur Əliyevə qarşı da zor tətbiq olunub. Gununsesi.info onun həbsdən sonra çəkildiyi bildirilən eksklüziv görüntülərini yayıb.
Qeyd edək ki, hadisə ilə bağlı araşdırmaların mərkəzində Moskvanın Şolkovskaya prospektində yerləşən “Mandarin” Ticarət Mərkəzi dayanır. İddiaya görə, kriminal qruplaşmanın üzvləri burada fəaliyyət göstərən sahibkarlardan pul tələb ediblər.
Məlumata görə, həmin dəstə daha əvvəl Moskvanın tanınmış “Food City” bazarında fəaliyyət göstərən, Şəmkir rayonundan olan iş adamı Cəlal Məmmədovdan da pul tələb edib. Sahibkarın bu tələbi rədd etdiyi və bundan sonra evinin qarşısında ağır şəkildə döyüldüyü bildirilir.
Hazırda saxlanılan şəxslərlə bağlı araşdırmalar davam etdirilir. Onların hansı maddələrlə məsuliyyətə cəlb olunacağı və istintaq çərçivəsində başqa şəxslərin də müəyyən edilərək-edilməyəcəyi barədə əlavə məlumat verilməyib.
İstinad: Gununsesi.info – “Qod Nisanovun bazarından haqq tələb edən avtoritet həbs edildi”
