Fransada casusluqda ittiham olunan rusiyalının əri və rəfiqəsi saxlanılıb

Fransada casusluqda ittiham olunan Rusiya vətəndaşı Anna Novikovanın əri və yaxın rəfiqəsi dindirildikdən sonra saxlanılıb. Bu barədə RIA Novosti Novikovanın vəkili Filip de Völə istinadən məlumat yayıb.
Vəkilin sözlərinə görə, iş üzrə hakimin mövqeyi son günlər sərtləşib. “Dünən Po şəhərində Annanın əri və onun rəfiqəsi Olqa dindirilib və bundan sonra hər ikisi həbs edilib”, – deyə Filip de Völ bildirib.
O, həmçinin qeyd edib ki, Anna Novikova iki uşaq anasıdır və davam edən məhkəmə prosesi ailəsinin normal həyatına ciddi təhlükə yaradır.
Xatırladaq ki, ötən ilin noyabrında Rusiya səfirliyi Fransada SOS Donbass humanitar assosiasiyası ilə bağlı iş çərçivəsində Rusiya vətəndaşının saxlanıldığını təsdiqləmişdi.
“Le Parisien” nəşrinin məlumatına görə, Fransa xüsusi xidmət orqanları Donbass sakinlərinə yardım göstərən assosiasiyanın iki üzvünü, o cümlədən Rusiya vətəndaşını Rusiya Federasiyasının xeyrinə casusluqda şübhəli bilinərək saxlayıb.
Bildirilir ki, 40 yaşlı Anna N. və 63 yaşlı Fransa vətəndaşı Vensan P. Daxili Təhlükəsizlik Baş İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. Onlara qarşı “xarici dövlətlə əlbir olmaq” və “xarici dövlət üçün maraq kəsb edən məlumatların toplanması” maddələri üzrə ittiham irəli sürülüb.
Urbaninfo.az