Böyük məbləğdə oğurluqda ittiham olunan azərbaycanlı Rusiyadan Azərbaycana qaytarılacaq
Rusiya tərəfi Azərbaycanda böyük məbləğdə oğurluq törətməkdə ittiham olunan və beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşının ekstradisiyası ilə bağlı Bakı tərəfindən göndərilən müraciəti təmin edib.
Baş Prokurorluğun məlumatına görə, İmişli Rayon Polis Şöbəsində aparılan araşdırmalar zamanı Adil Demirovun Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan, yəni külli miqdarda ziyan vurmaqla oğurluq törətmə cinayətində iştirakı ilə bağlı əsaslı şübhələr müəyyən edilib.
İstintaqdan yayınaraq Rusiyaya gedən Adil Demirov beynəlxalq axtarışa verilib. Azərbaycan Baş Prokurorluğunun Rusiya Federasiyasının Baş Prokurorluğuna göndərdiyi ekstradisiya sorğusu təmin olunub.
Hazırda ittiham olunan şəxsin Azərbaycana gətirilməsi üçün zəruri tədbirlər Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən beynəlxalq prosedurlara uyğun şəkildə həyata keçirilir.
Sosial şəbəkələrdə paylaş
