Dələduzluqda şübhəli bilinən şəxs Ukraynadan Azərbaycana ekstradisiya ediləcək
Azərbaycan və Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşlığı nəticəsində dələduzluqda şübhəli bilinən Azərbaycan vətəndaşı Seymur Salah oğlu Salahzadənin ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub.
Baş Prokurorluğun məlumatına görə, Azərbaycan tərəfinin Ukraynanın Baş Prokurorluğuna müraciəti, zəruri sənədlərin təqdim edilməsi və aparılan danışıqlar nəticəsində ekstradisiya məsələsi müsbət həllini tapıb.
Seymur Salahzadə Azərbaycan Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində araşdırılan cinayət işi üzrə külli miqdarda dələduzluq törətməkdə şübhəli bilinir. Onun barəsində cinayət təqibinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilib.
İstintaqdan yayınaraq gizləndiyinə görə Salahzadə İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib. Görülən tədbirlər nəticəsində onun Ukrayna ərazisində olduğu müəyyənləşdirilib və saxlanılması təmin olunub.
Hazırda şübhəli şəxsin Azərbaycana gətirilməsi üçün zəruri prosedurlar həyata keçirilir.
Baş Prokurorluq bildirir ki, axtarışda olan şəxslərin müəyyən edilərək ölkəyə gətirilməsi məqsədilə xarici dövlətlərin aidiyyəti qurumları, o cümlədən İnterpol ilə əməkdaşlıq bundan sonra da davam etdiriləcək.
Sosial şəbəkələrdə paylaş
