Liseydə güllələnmə hadisəsində barışıq əldə olundu

Bakıda yerləşən “İdrak” liseyində müəllimini odlu silahla yaralamaqda təqsirləndirilən şagirdlə bağlı işdə tərəflər arasında razılıq əldə edilib. Qafqazinfo xəbər verir ki, zərərçəkmiş müəllim şagirdi bağışlayıb və bunu təsdiqləyən rəsmi sənəd artıq istintaqa təqdim olunub.
Məlumata görə, şagirdin psixoloji ekspertiza nəticələri də açıqlanıb. Rəyə əsasən, onda anlaqlılığı aradan qaldırmayan psixi pozuntu aşkarlanıb. Bu isə o deməkdir ki, müəyyən psixoloji problemlər olsa da, o, törətdiyi əməli anlayır və davranışlarını idarə etmək qabiliyyətinə malikdir. Bu səbəbdən cinayət məsuliyyətindən azad edilmir, lakin gələcəkdə cəza təyin olunarkən bu hal yüngülləşdirici amil kimi nəzərə alına bilər.
İstintaq yekunlaşdıqdan və prokuror ittiham aktını təsdiqlədikdən sonra iş məhkəməyə göndəriləcək.
Xatırladaq ki, hadisə bu ilin fevralında baş verib. İddialara görə, 10-cu sinif şagirdi atasına məxsus ov tüfəngi ilə liseyə gələrək 29 yaşlı riyaziyyat müəllimini güllələyib. O, qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham olunur və təqsiri sübuta yetirilərsə, yetkinlik yaşına çatmadığı üçün 10 ilədək azadlıqdan məhrum edilə bilər.