Azərbaycan Rusiyada ekzotik meyvə çatışmazlığını azaltmağa kömək edəcək

Yaxın Şərqdəki böhran səbəbindən mümkün ekzotik meyvə çatışmazlığı fonunda bir sıra ölkələr, o cümlədən Azərbaycan Rusiyanın bu sahədəki tələbatını qarşılamağa kömək edə bilər.
Bu barədə Krımın kənd təsərrüfatı naziri Denis Kratyuk bildirib. Onun sözlərinə görə, Yaxın Şərqdəki münaqişə səbəbindən bəzi bölgələrdə ekzotik məhsulların qiymətinin kəskin bahalaşması mümkündür.
Nazir qeyd edib ki, regiondakı münaqişə səbəbilə Rusiyaya ekzotik meyvələrin logistika və tədarük prosesində problemlər yarana bilər. Bu xüsusilə İrana aiddir. Belə ki, İran martın 1-dən öz ərazisindən bütün ərzaq məhsullarının ixracını qadağan edib.
Kratyukun sözlərinə görə, hazırda bu boşluğu münaqişəyə cəlb olunmayan bəzi ölkələr doldurmağa başlayıb.
“Bu sahəni indi bir neçə ölkə aktiv şəkildə tutur. Azərbaycan və Əfqanıstan İranın istehsal etdiyi məhsulları eyni həcmdə əvəz edə bilər. Yəqin ki, Türkiyə və Misir də bu bazarı çox tez tutacaqlar”, — deyə o bildirib.
Nazir əlavə edib ki, Krımın yerli istehsalçıları da bu problemin həllinə töhfə verə bilər. Onun sözlərinə görə, son beş ildə istixana təsərrüfatlarına maraq xeyli artıb və aqrar sahədə həm texnologiya, həm də məhsul keyfiyyəti inkişaf edib.
“Bu gün bizim istixanalar sadəcə adi parnik deyil, yüksək texnologiyalı sistemlərdir. Damcı suvarma texnologiyasından tam fərqli şəkildə istifadə etməyi öyrənmişik və bazar dəyişikliklərinə çox tez uyğunlaşa bilirik”, — deyə Kratyuk vurğulayıb.
Urbaninfo.az