Azərbaycan qaz ixracını genişləndirir: 2026-cı ildə 16 ölkəyə çatacaq
![]()
2026-cı ildə Azərbaycan qaz ixracını artıraraq Avropanın iki yeni ölkəsinə də qaz çatdıracaq. Urbaninfo.az xəbər verir ki, bu barədə ölkə Prezidenti İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə məlumat verib.
Prezident bildirib ki, 2025-ci ilin sonuna qədər Azərbaycan qazını 14 Avropa ölkəsinə çatdırıb və 11 ölkəyə bu tədarük davamlı şəkildə həyata keçirilir. 2026-cı ildə bu siyahıya əlavə olaraq iki ölkə daxil ediləcək və beləliklə, Azərbaycan qazının Avropaya çatdırıldığı ölkələrin sayı 16-ya çatacaq. Bu, Azərbaycanın boru kəməri vasitəsilə qaz ixracında rekord göstəricidir.
İlham Əliyev qeyd edib ki, ötən il respublika xaricə 25 milyard kubmetr qaz göndərib və ixrac potensialı hələ də artırıla bilər. Prezidentin sözlərinə görə, ixracın həcmi və coğrafi əhatəsi artmaqda davam edir, bu da Azərbaycanın Avropa enerji bazarındakı rolunu möhkəmləndirir.
Analitiklər bildirir ki, yeni ixrac marşrutlarının açılması Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək və Azərbaycanın enerji diplomatiyasını daha da gücləndirəcək. Bu addım həm də regionda iqtisadi və siyasi mövqenin möhkəmlənməsi baxımından strateji əhəmiyyət daşıyır.