Hansı xarici avtokonsernlərin Rusiyada işləməsinin qadağan ediləcəyi açıqlanıb

Şoxin: Ukrayna ilə əməkdaşlıq edən xarici avtokonsernlərin Rusiyaya qayıtmasına icazə verilməyəcək.
Ukrayna hərbi-sənaye kompleksini dəstəklədiyi aşkar olunan xarici avtomobil şirkətləri Rusiya bazarına qayıtmaq imkanını itirəcəklər. Bu barədə "İzvestiya" qəzetinə verdiyi açıqlamada Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının (RSSİ) prezidenti Aleksandr Şoxin bildirib.
Onun sözlərinə görə, Rusiyadakı fəaliyyətini dayandıran əksər xarici avtokonsernlər sazişlərdə biznesin potensial bərpası üçün hüquqi mexanizmləri — məsələn, aktivlərin geri alınması (buy-back) variantlarını saxlayıblar. Lakin hətta bu cür razılaşmaların olması belə, onların Ukrayna ilə hərbi-texniki əməkdaşlıqda iştirakı müəyyən edilərsə, Rusiya bazarına avtomatik qayıtmaq hüququnu təmin etmir.
"Şirkətlərin qayıtma meyarları dəqiq qanuniləşdirilməsə də, bu barədə çox danışılır: hərbi-texniki əməkdaşlığa və Ukraynanın dəstəklənməsinə cəlb olunanları deputatlar və hökumət birmənalı olaraq buraxmayacaq", — deyə RSSİ rəhbəri izah edib. Dövlət Dumasında yaxın gələcəkdə bu cür meyarların hazırlanması ilə məşğul ola bilərlər.
Sosial şəbəkələrdə paylaş