“Azərbaycan Hava Yolları”nın yük daşımaları 3 ildə 170% artıb

“Azərbaycan Hava Yolları”nın (AZAL) yük daşımalarında artım 2022–2025-ci illərdə əhəmiyyətli şəkildə artıb. Bu dövrdə şirkətin yük daşımalarından gəlirləri 211%, daşınan yük həcmi isə 170% yüksəlib.
Heydər Əliyev Beynəlxalq Hava Limanının açıqlamasına görə, gəlirlərin yük həcminin artımını üstələməsi kommersiya fəaliyyətinin güclənməsi, qiymət siyasətinin təkmilləşdirilməsi və gəlir idarəçiliyi ilə bağlıdır. Bu, göstərir ki, yük daşımaları artıq strukturlaşdırılmış və sistemli şəkildə inkişaf edir.
Hava limanının məlumatına görə, AZAL yük daşımalarının coğrafiyasını genişləndirərək 30-dan çox strateji müqavilə imzalayıb. Şəbəkənin monetizasiyası sayəsində bu istiqamət sabit gəlir mənbəyi halına gəlib. Hazırda daşıyıcı effektivliyi artırmaq üçün rəqəmsal həllər və yeni rezervasiya sistemləri tətbiq edir. Şirkətin planlarında yük daşımalarının payını artırmaq və bu seqmenti əsas gəlir mənbəyi kimi inkişaf etdirmək nəzərdə tutulub.