Minimum əməkhaqqında artım gözləntisi
İnflyasiya və maaş artımı 10 faizlik yüksəliş ehtimalını gündəmə gətirir
Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında gələn il minimum əməkhaqqı, pensiya və sosial müavinətlərin artırılacağını bildirməsi 2027-ci ildə yeni sosial paketlə bağlı gözləntiləri artırıb.
Minimum əməkhaqqının artırılması xüsusilə diqqət çəkir. Hazırda bu göstərici 400 manatdır və sonuncu dəfə 2025-ci ilin əvvəlində artırılıb.
2025-ci ildə orta illik inflyasiya 5,6 faiz olduğu halda, 2026-cı ilin yanvar-avqust aylarında bu göstərici 5,7 faiz təşkil edib. Eyni zamanda, orta aylıq əməkhaqqı 2025-ci ildə 9,3 faiz, 2026-cı ilin ilk 7 ayında isə 7,2 faiz yüksəlib.
Bu göstəricilər minimum əməkhaqqının 2027-ci ildə ən azı 10 faiz artırılması ehtimalını gündəmə gətirir.
Minimum əməkhaqqının yüksəldilməsi yalnız bu məbləğdə maaş alan işçilərə deyil, Vahid Tarif Cədvəli üzrə əməkhaqqı alanlara da təsir edə bilər. Dövlət büdcəsindən maliyyələşən bir sıra sahələrdə çalışanların əməkhaqları həmin cədvəl əsasında müəyyənləşdirilir.
Bundan başqa, minimum əməkhaqqının məbləği bəzi sosial sığorta və icbari tibbi sığorta ödənişlərinin hesablanmasında da əsas göstəricilərdən biridir. Bu səbəbdən minimum əməkhaqqının artırılması həmin ödənişlərin məbləğinə də təsir göstərə bilər.
