Korrupsiya barədə məlumatın hansı hallarda veriləcəyi müəyyənləşir
Yalan və böhtan xarakterli məlumatlar yeni qanun layihəsinin əhatəsinə düşməyəcək
Milli Məclisin iki komitəsinin birgə iclasında korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsini nəzərdə tutan yeni qanun layihəsi müzakirə olunub.
Layihəyə görə, şəxsin iş yerində və ya xidmət göstərdiyi yerdə baş vermiş və ya baş verməsi ehtimal olunan korrupsiya ilə bağlı hüquqpozma barədə yazılı, elektron və ya şifahi formada verilən informasiya müvafiq məlumat hesab ediləcək.
Şəxsi maraqların müdafiəsi və ya özü, yaxud digər şəxslər üçün qanunsuz maddi və digər nemətlər, imtiyazlar və güzəştlər əldə etmək məqsədilə bilə-bilə yalan və böhtan xarakterli məlumatların verilməsi isə bu kateqoriyaya aid edilməyəcək.
Qanun layihəsində həmçinin məlumatların qanunla qorunan sirrlərlə bağlı olması məsələsinə aydınlıq gətirilir. Belə məlumatlarda peşə, kommersiya, istintaq və məhkəmə sirləri, habelə şəxsi və ailə həyatı ilə bağlı məlumatların yer alması onların qanunsuz açıqlanması hesab edilməyəcək.
Məlumat verən şəxs korrupsiya ilə əlaqədar hüquqpozmanın əlamətləri və faktiki halları barədə məlumat təqdim etməlidir. Bundan əlavə, məlumat verənin şəxsiyyətini müəyyənləşdirən məlumatlar, əlaqə vasitələri və iş yeri barədə məlumatlar göstərilməlidir.
Əgər hüquqpozmanı təşkil edən, törədən və ya törədilməsində iştirak edən şəxslər barədə məlumatların verilməsi mümkündürsə, həmin məlumatlar da təqdim olunmalıdır. Məlumatın əvvəllər başqa quruma verilib-verilmədiyi və nəticəsi barədə məlumatın göstərilməsi də nəzərdə tutulur.
