Yango rəsmiləri CAMCA Forumunda çıxış edib
Forumda süni intellekt və rəqəmsal xidmətlərin inkişaf perspektivləri müzakirə olunub
Bakıda keçirilən CAMCA Forumunda beynəlxalq texnologiya şirkəti “Yango Group”un nümayəndələri də iştirak ediblər.
Forumun əsas tərəfdaşı olan şirkətin rəhbər şəxsləri panel müzakirələrində texnologiyaların müxtəlif bazarlarda yerli xüsusiyyətlərə uyğunlaşdırılması məsələsinə toxunublar.
“Yango Group”un Biznesin İnkişafı üzrə direktoru Adeniyi Adebayо bildirib ki, hər bir ölkə qlobal texnologiyaların öz ehtiyaclarına uyğunlaşdırılması istiqamətində fərqli yanaşma müəyyənləşdirir.
O qeyd edib ki, şirkətin əsas prinsiplərindən biri qlobal texnoloji imkanları yerli ekspertiza və bizneslə əməkdaşlıqla birləşdirməkdir.
Forumda rəqəmsal platformaların regionların sosial-iqtisadi inkişafına təsiri də diqqət mərkəzində olub. A.Adebayоnun sözlərinə görə, süni intellekt və rəqəmsal xidmətlər regionlarda yaşayan insanların müasir xidmətlərə çıxış imkanlarını genişləndirir.
“Yango Group”un dövlət əlaqələri və strateji tərəfdaşlıqlar üzrə regional direktoru Urxan Seyidov isə şirkətin Azərbaycandakı strategiyasında yerli tərəfdaşlıqların mühüm yer tutduğunu bildirib.
Onun sözlərinə görə, qlobal təcrübənin yerli xüsusiyyətlərin dərindən anlaşılması ilə birləşdirilməsi bazar üçün daha səmərəli rəqəmsal xidmətlərin yaradılmasına imkan verir.
Qeyd edək ki, Dubayda yerləşən “Yango Group” 35-dən çox ölkədə mobillik, çatdırılma, fudtex, əyləncə və digər rəqəmsal xidmətlər istiqamətində fəaliyyət göstərir.
