Azərbaycanda sənaye zonalarının investisiya imkanları müzakirə olunub
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində sənaye platformaları və azad iqtisadi zonaların investisiyaların cəlb edilməsində, istehsal və ixracın genişləndirilməsində rolu müzakirə olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən forum çərçivəsində “Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya təşkil edilib.
Sessiyaya “AnewZ” telekanalının baş redaktoru Qay Şoun moderatorluq edib.
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Azərbaycanın əlverişli coğrafi mövqeyi, formalaşan sənaye ekosistemi və inkişaf edən nəqliyyat-logistika infrastrukturunun ölkənin regional istehsal və ixrac mərkəzi kimi mövqeyini gücləndirdiyini bildirib.
O, sənaye zonalarında investisiyaların cəlb edilməsi və iqtisadiyyatın şaxələndirilməsi üçün yaradılan imkanlardan, tətbiq olunan təşviq mexanizmlərindən danışıb. Azərbaycanın beynəlxalq və regional nəqliyyat dəhlizləri üzərində yerləşməsinin, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər logistika infrastrukturu ilə əlaqələndirilmiş sənaye imkanlarının istehsalçıların regional təchizat zəncirlərinə inteqrasiyasına və xarici bazarlara çıxışına şərait yaratdığı qeyd olunub.
İxracın təşviqi və logistika xərclərinin dəstəklənməsi istiqamətində tətbiq olunan yeni mexanizmlərin yerli məhsulların xarici bazarlara çıxış imkanlarını genişləndirəcəyi bildirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov isə rəqabət mühitinin iqtisadi inkişaf və investisiya fəallığının əsas şərtlərindən biri olduğunu qeyd edib. O, bərabər rəqabət imkanlarının təmin edilməsi və istehlak bazarlarında şəffaflığın artırılması istiqamətində görülən işlərdən danışıb.
Paneldə Ələt Azad İqtisadi Zonası İdarə Heyətinin sədri Valeh Ələsgərov, “Koç Holding”ə daxil olan Dayanıqlı İstehlak Malları Qrupunun prezidenti Polat Şen, “Carlsberg” şirkətinin korporativ məsələlər üzrə vitse-prezidenti Kristian Vulf Sönderqard, DBA Group şirkətinin satış və biznesin inkişafı üzrə vitse-prezidenti Marko Politi, Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan üzrə rəhbəri Natali Muravidze və BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitro Şlapaçenko iştirak ediblər.
Sessiyada Ələt Azad İqtisadi Zonasında tətbiq olunan xüsusi hüquqi və tənzimləyici çərçivə, investorlar üçün təqdim edilən güzəştlər və ixracyönümlü istehsal imkanları barədə məlumat verilib.
Bildirilib ki, zonanın strateji coğrafi mövqeyi və hazır infrastruktur imkanları yüksək əlavə dəyər yaradan, innovativ və ixracyönümlü layihələrin cəlb olunmasına şərait yaradır.
Panel iştirakçıları beynəlxalq şirkətlərin Azərbaycanda fəaliyyət və əməkdaşlıq imkanları, özəl sektorun inkişafında institusional və maliyyə dəstəyinin rolu, dayanıqlı iqtisadi artım və regional əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar.
