Qarabağda yeni mədən layihələri
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov 2027–2030-cu illər üzrə Dövlət Proqramının Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin inkişafında mühüm mərhələ olduğunu bildirib.
O, bu barədə keçirdiyi brifinqdə deyib.
Z.İbrahimov bildirib ki, proqram çərçivəsində mineral resurslardan səmərəli istifadə, yeni yataqların dövriyyəyə cəlb olunması, hasilat və emal imkanlarının genişləndirilməsi əsas hədəflərdəndir.
Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda yerləşən qiymətli və əlvan metal yataqları proqramın əsas prioritetlərindəndir.
Ağdərədə yerləşən Dəmirli mis mədənində istismar işlərinə başlanıldığını deyən QSC sədri Kəlbəcərdə yaxın dövrdə hasilata başlanılmasının planlaşdırıldığını qeyd edib.
Zəngilanda isə mövcud ehtiyatların yenidən qiymətləndirilməsi və resurs bazasının dəqiqləşdirilməsi istiqamətində işlər görülür.
Z.İbrahimov Naxçıvanın da böyük mineral potensiala malik olduğunu bildirib. Onun sözlərinə görə, bu ərazidə geoloji kəşfiyyat işlərinin genişləndirilməsi Dövlət Proqramının mühüm istiqamətlərindəndir.
O qeyd edib ki, sentyabrın 22-də keçirilən müşavirədə yataqların müasir üsullarla qiymətləndirilməsi, geoloji kəşfiyyatın genişləndirilməsi, tam istehsal zəncirinin yaradılması və özəl investisiyaların cəlb edilməsi ilə bağlı tapşırıqlar müəyyənləşdirilib.
“AzerGold” sədrinin sözlərinə görə, şirkət son 10 ildə iki yeni qızıl yatağı aşkarlayıb, dörd qızıl mədəni və bir regional sənaye kompleksi istifadəyə verib.
Bildirilib ki, cari ilin avqust ayınadək şirkət ölkə iqtisadiyyatına 2,3 milyard manat gəlir gətirib, dövlət büdcəsinə 267,2 milyon manat vergi ödəyib. Şirkətin ümumi mənfəəti isə 618 milyon manat təşkil edib.
