Hərbçilərin maaşları artır
Azərbaycanda hərbi qulluqçuların maaş və pensiyalarının artırılması ilə bağlı yeni islahatların həyata keçirilməsi gözlənilir.
Hərbi ekspert Ədalət Verdiyev bununla bağlı məlumat yayıb.
Ekspertin sözlərinə görə, Azərbaycan Ordusunun maaş və pensiya sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində yeni islahat paketi hazırlanır.
“Əldə etdiyim məlumata görə, bu sahədə yeni islahat paketi qapıdadır. Orduda əməkhaqqı sistemi beynəlxalq standartlara əsaslanacaq və vahid struktura malik olacaq. Maaşlar xidmətkeçmənin yeri, xüsusiyyətləri, şərtləri və ağırlığı nəzərə alınmaqla hesablanacaq”, - Ə.Verdiyev bildirib.
Onun sözlərinə görə, Müdafiə Nazirliyinin hərbçilərinin maaşlarının orta hesabla 25%-ə yaxın və daha çox artırılması nəzərdə tutulur.
Ekspert qeyd edib ki, baza maaşı olan vəzifə maaşının rütbə maaşı ilə əvəzlənməsi, rütbə maaşının ümumi maaşdakı payının isə 70%-ə çatdırılması planlaşdırılır.
Bundan əlavə, hərbçilərin pensiya təminatı mexanizminin təkmilləşdirilməsi və tam rəqəmsallaşdırılması nəzərdə tutulur.
