İxracın 2030-cu ildə 1,6 milyard manata çatdırılması gözlənilir
İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda mis, qızıl və gümüş üzrə hasilat və istehsalın artırılmasının planlaşdırıldığını bildirib.
APA xəbər verir ki, nazir bu barədə Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə danışıb.
O qeyd edib ki, mis istehsalının əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur. Qızıl istehsalı isə həm mövcud, həm də yeni layihələr hesabına genişləndiriləcək.
Nazirin sözlərinə görə, nəticədə mis, qızıl və gümüş üzrə ümumi ixracın 2025-ci ildəki 600 milyon manatdan 2030-cu ildə 1,6 milyard manata çatdırılması gözlənilir.
M.Cabbarov bildirib ki, bu rəqəm 2025-ci ilin orta dünya qiymətləri əsasında hesablanmış proqnozdur.
