“Spark ’26”: 1000-dən çox gənc texnologiyanın gələcəyini müzakirə edib
Azərbaycanda ilk tələbə-texnologiya festivalı olan “Spark ’26” 1000-dən çox gənci bir araya gətirib.
Bir rəqəmsal ekosistemi tərəfindən təşkil olunan festivalda texnologiya, data və süni intellekt üzrə təhsil alan tələbələr, magistrantlar və məzunlar iştirak ediblər.
Tədbirin əsas məqsədi gənclərin texnologiya sektorundakı yeniliklərlə yaxından tanış olması, sahə üzrə mütəxəssislərin təcrübəsindən yararlanması və karyera perspektivlərini daha aydın müəyyənləşdirməsinə imkan yaratmaq olub.
Festivalda süni intellekt və datanın biznesdə tətbiqi, texnologiyanın gələcəyi və süni intellektin əmək bazarına və peşələrə təsiri kimi aktual mövzular müzakirə olunub.
Bir ekosisteminin müxtəlif istiqamətləri üzrə rəhbər şəxsləri Aygün Musayeva, Maksim Evdokimov, Buğra Şen və Fariz Lətifov tədbirdə çıxış ediblər. Sual-cavab sessiyasında gənclər spikerlərlə birbaşa ünsiyyət quraraq onları maraqlandıran məsələlərə cavab tapıblar.
Tədbirin əyləncəli və interaktiv proqramı iştirakçıların yeni tanışlıqlar qurmasına və peşəkar əlaqələrini genişləndirməsinə imkan verib.
Bir ekosisteminin rəhbəri Fərid Hüseynov “Spark ’26”nın gələcəkdə daha geniş auditoriyanı əhatə edən platformaya çevrilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, layihənin əsas məqsədlərindən biri gənclərin texnoloji inkişaf prosesində daha fəal iştirakına şərait yaratmaqdır.
“Spark ’26” layihəsinin növbəti illərdə də keçirilməsi və Azərbaycanda ənənəvi illik texnologiya hərəkatına çevrilməsi planlaşdırılır.
Məlumat üçün bildirək ki, Bir 2025-ci ildən fəaliyyət göstərən və Birbank, Birmarket, Milliön və m10 kimi rəqəmsal xidmətləri birləşdirən inteqrasiya olunmuş rəqəmsal ekosistemdir. Ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir.
