AMB-nin valyuta ehtiyatları 15,3 milyard dollara yüksəlib
Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarında əhəmiyyətli artım qeydə alınıb.
Mərkəzi Bankın məlumatına görə, 2026-cı ilin ötən dövründə qurumun valyuta ehtiyatları 3,8 milyard ABŞ dolları, yaxud 33 faiz artaraq 15,3 milyard ABŞ dollarına çatıb.
Ehtiyatların artmasında valyuta bazarında təklifin tələbi üstələməsi əsas amillərdən biri olub. Buna tədiyə balansının cari əməliyyatlar hesabında profisitin və maliyyə sektorunda dedollarlaşma prosesinin davam etməsi şərait yaradıb.
Məlumata əsasən, yalnız avqust ayında AMB tərəfindən valyuta bazarında 1,5 milyard ABŞ dolları məbləğində alışyönlü müdaxilə həyata keçirilib.
Mərkəzi Bank qeyd edib ki, bazardan alınan xarici valyutanın gələcəkdə formalaşacaq tələbdən asılı olaraq bazar tarazlığının təmin edilməsi məqsədilə tam və ya qismən yenidən bazara yönəldilməsi istisna edilmir.
Qurum makroiqtisadi sabitliyin qorunması məqsədilə valyuta bazarında alış və ya satışyönlü əməliyyatlarda iştirakını davam etdirəcəyi halda bu barədə məlumat veriləcəyini bildirib.
