Xəzərdə və Volqada voblanın ovuna qadağa 2027-ci ildə də qüvvədə qala bilər
Rusiyada Xəzər dənizində və Volqa çayında voblanın (Xəzər çapağı) sənaye və həvəskar ovuna tətbiq edilən qadağanın daha bir il – 2027-ci ilədək uzadılması planlaşdırılır.
Bu barədə Şərq İqtisadi Forumu-2026 çərçivəsində Rusiyanın Federal Balıqçılıq Agentliyinin (Rosrıbolovstvo) rəhbəri İlya Şestakov məlumat verib.
Onun sözlərinə görə, bu il balığın kürüləmə dövrü kifayət qədər yaxşı keçib. Lakin qadağanın uzadılıb-uzadılmayacağı ilə bağlı yekun qərar alimlərin apardığı araşdırmaların və balıq ehtiyatlarının vəziyyətinin qiymətləndirilməsindən sonra veriləcək.
“Hələlik qadağanı uzatmağı planlaşdırırıq. Amma alimlərin nə deyəcəyinə baxacağıq. Bu il kürüləmə yaxşı keçib. Hər şey balıq ehtiyatlarının vəziyyətindən asılı olacaq”, – İlya Şestakov bildirib.
Astraxan vilayətinin qubernatoru İqor Babuşkin daha əvvəl qeyd etmişdi ki, son 35 ildə Xəzərdə vobla ovunun həcmi 60 dəfə azalıb.
Balıq ehtiyatlarının kəskin azalması fonunda Rusiya Kənd Təsərrüfatı Nazirliyi 2025-ci ildə voblanın ovuna tam qadağa qoymuş, daha sonra bu qadağa 2026-cı ilin sonunadək uzadılmışdı.
İndi isə voblanın populyasiyasının bərpası üçün məhdudiyyətlərin 2027-ci ildə də davam etdirilməsi gündəmdədir.
