Özbəkistanın dövlət borcu 48 milyard dolları keçdi — borc bir ildə 5 milyard dollar artıb
Özbəkistanın dövlət borcu ilin ilk altı ayında 48 milyard dolları ötüb. Bu barədə ölkənin İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, son bir il ərzində Özbəkistanın borc öhdəlikləri təxminən 5 milyard dollar artıb. Təkcə hesabat dövründə borcun məbləği daha 1,46 milyard dollar yüksəlib.
Maraqlıdır ki, borcun nominal həcmi artsa da, onun ölkənin ÜDM-də payı 32%-dən 27%-ə qədər azalıb.
Özbəkistanın borc öhdəliklərinin əsas hissəsi xarici kreditorların payına düşür. Belə ki, ümumi borcun təxminən 84%-i xarici borcdur. Xarici borcun həcmi son bir ildə 11% artıb.
Daxili borc öhdəlikləri isə 9% artaraq 7,6 milyard dollar təşkil edib.
Beləliklə, Özbəkistanın borcu sürətlə artsa da, iqtisadiyyatın ümumi həcmi ilə müqayisədə borc yükünün azalması diqqət çəkir.
