Xarici turistlər yanvar-iyul aylarında Azərbaycanda təxminən 900 milyon dollar xərcləyiblər
Xarici turistlərin bu ilin yanvar-iyul aylarında Azərbaycanda xərclədikləri vəsait 1 milyard 553 milyon 954,3 min manat və ya təxminən 900 milyon dollar təşkil edib.
Xarici turistlərin xərclərində ən böyük pay nəqliyyat xidmətlərinin üzərinə düşüb. Bu sahəyə 699 milyon manatdan çox vəsait və ya təxminən 400 milyon dollar xərclənib. Turistlər yerləşməyə 285 milyon manat, qidalanmaya isə təxminən 290 milyon manat sərf ediblər.
2026-cı ilin ilk yeddi ayında Azərbaycanda ən çox xərcləyənlər Rusiya vətəndaşları olub. Onların xərcləri 492 milyon manatı ötüb. Bununla belə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə daha aşağıdır.
Xərclərin həcminə görə ikinci yerdə Türkiyə, üçüncü yerdə isə Qazaxıstan vətəndaşları qərarlaşıb.
Ümumilikdə, xarici turistlərin Azərbaycanda bu ilin yanvar-iyul aylarında xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 18,3% azalıb. Ən böyük azalma yerləşmə xərclərində qeydə alınıb – 27,4%.
Bununla yanaşı, avtomobil və digər nəqliyyat vasitələrinin icarəsi, idman və əyləncə xidmətləri, eləcə də alış-veriş üzrə xərclərdə artım müşahidə olunub.
Qeyd edək ki, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycana gələn xarici turistlərin sayı da təxminən 9% azalaraq 1 milyon 342,6 min nəfər təşkil edib.
