Qazaxıstan neft emalı gücünü 40 milyon tona çatdırmağı planlaşdırır
Qazaxıstan neft emalı sahəsində istehsal güclərinin əhəmiyyətli dərəcədə artırılmasını planlaşdırır. Ölkə mövcud emal güclərini 18 milyon tondan 40 milyon tona çatdırmaq niyyətindədir. Bu barədə Qazaxıstanın Energetika Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, 2026-cı ildə ölkədə 15,5 milyon tona qədər neft məhsulunun istehsalı nəzərdə tutulur.
Qeyd olunub ki, ötən il Qazaxıstanda 18,4 milyon ton neft emal edilib. Bu göstərici planlaşdırılan həcmdən 4,5 faiz çox olub. Neft məhsullarının istehsalı isə 15,47 milyon ton təşkil edib və plan 6,3 faiz üstələnib.
Sahənin inkişaf konsepsiyası çərçivəsində mövcud neft emalı zavodlarının genişləndirilməsi planlaşdırılır. Bu layihələrin həyata keçirilməsi nəticəsində ölkənin illik neft emalı gücünün 18 milyon tondan 29 milyon tona yüksəldilməsi gözlənilir.
Bununla yanaşı, Qazaxıstanda illik 10 milyon ton xammal emal etmək gücündə yeni iri neft emalı müəssisəsinin tikintisi nəzərdə tutulur. Yeni zavodun istifadəyə verilməsi və mövcud müəssisələrin genişləndirilməsi nəticəsində ölkənin ümumi neft emalı gücü ildə 40 milyon tona çatdırıla bilər.
Qazaxıstan hökuməti yalnız emal həcmlərinin artırılmasını deyil, həm də istehsalın səmərəliliyinin yüksəldilməsini hədəfləyir. Bu məqsədlə neftin emal dərinliyinin hazırkı 89 faizdən 94 faizə çatdırılması və motor yanacağının istehsalının artırılması planlaşdırılır.
Beləliklə, həyata keçirilməsi nəzərdə tutulan layihələr Qazaxıstanın neft xammalının daha yüksək əlavə dəyərli məhsullara çevrilməsi imkanlarını genişləndirməyə və daxili yanacaq bazarının təminatını gücləndirməyə yönəlib.
