Bessent: Kanada ABŞ-la ticarət müharibəsində bərabər şərtlərlə mübarizə apara bilməz
ABŞ-ın maliyyə naziri Skott Bessent Kanadanın ABŞ-la ticarət müharibəsində bərabər şərtlərlə mübarizə aparmaq imkanında olmadığını bildirib.
Bessent CNBC telekanalına açıqlamasında iki ölkənin iqtisadi imkanları arasında ciddi fərq olduğunu vurğulayıb.
“Özündən 13 dəfə böyük olan ölkə ilə bərabər şərtlərdə mübarizə aparmağın mümkün olduğunu düşünmürəm. ABŞ Kanadayla niyə müharibə etməlidir? Onlar iki sualtı qayıqlarını götürüb bizə qarşı göndərəcəklər?” – deyə nazir bildirib.
Bessentin sözlərinə görə, ABŞ Kanada üçün mümkün olan ən əlverişli ticarət sazişi şərtlərini təklif edib, lakin ölkənin Baş naziri Mark Karni bu təklifdən imtina edib.
ABŞ və Kanada arasında ticarət danışıqları zamanı avtomobillərə tətbiq olunan tariflər, ABŞ-ın Kanadanın resurslarına çıxışı və digər məsələlər üzrə fikir ayrılıqları yaranıb.
Avqustun 25-də Ağ Ev Kanada hökumətini sərt tənqid edərək Ottavaya mümkün nəticələrlə bağlı xəbərdarlıq edib. Kanada tərəfi isə danışıqlarda şərtlərin dəyişdirilməsinə görə Vaşinqtonu günahlandırıb.
ABŞ administrasiyası bununla yanaşı, gələn ildən Kanada məhsullarına tətbiq olunan gömrük rüsumlarının 50%-ə qədər artırıla biləcəyini açıqlayıb.
