Türkiyə iqtisadiyyatında artım davam edir – ÜDM 2,3% yüksəlib

Türkiyə iqtisadiyyatı 2026-cı ilin ikinci rübündə də artım nümayiş etdirib. Türkiyə Statistika İnstitutunun (TÜİK) açıqladığı məlumatlara görə, aprel-iyun aylarında ölkənin ümumi daxili məhsulu (ÜDM) ötən ilin eyni dövrü ilə müqayisədə 2,3% artıb.
Cari qiymətlərlə hesablanan ÜDM isə illik ifadədə 36% yüksələrək 19 trilyon 869 milyard 747 milyon türk lirəsinə, yəni təxminən 438,3 milyard dollara çatıb.
Artımın əsas drayverləri arasında kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektoru xüsusi seçilib. Bu sahələrdə illik artım 13,3% təşkil edib. İnformasiya və rabitə sektorunda 8,6%, dövlət idarəçiliyi, təhsil, səhiyyə və sosial xidmətlərdə isə 4% artım qeydə alınıb.
Digər xidmət sahələri 3,2%, sənaye 2,4%, maliyyə və sığorta fəaliyyəti 2,1%, peşəkar, inzibati və yardımçı xidmətlər isə 2% böyüyüb.
Mənfi dinamika göstərən yeganə əsas sahə tikinti olub. Sektorun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,9% azalıb.
Bununla belə, Türkiyə iqtisadiyyatının ikinci rübdəki nəticəsi analitiklərin proqnozlarından aşağı olub. Mütəxəssislər iqtisadiyyatın bu dövrdə 2,8% böyüyəcəyini gözləyirdilər.