Niyə məlumatların sinxronlaşması vacibdir?
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev yazır:
https://unvanportali.az/ vasitəsilə aktual ünvan məlumatlarını əldə etmək mümkündür. Yeni qaydalara əsasən, binanın girişi hansı küçəyə baxırsa, ünvan həmin istiqamət üzrə müəyyən edilir. Eyni zamanda, ünvanlar unifikasiya olunur və məlumatlar giriş nömrəsi, mərtəbə və mənzil prinsipi ilə daha dəqiq şəkildə qeyd edilir.
Mən də faktiki ünvan məlumatlarımı sənədlərimdə yeniləməyə qərar verdim. İlk addım olaraq, binanın ünvanının daha aydın görünməsi üçün küçə adı lövhəsinin və blokun qarşısında giriş nömrəsinin quraşdırılması məqsədilə yerli icra hakimiyyətinə müraciət etdim.
Daha sonra ünvan məlumatlarını çıxarış və texniki pasportda yenilədim. Çıxarış elektron olduğundan müraciəti onlayn etdim. Texniki pasportun yenilənməsi üçün isə ASAN xidmətə müraciət etdim.
Növbəti mərhələdə şəxsiyyət vəsiqəsində və kommunal xidmətlər üzrə abonent kodlarında ünvan məlumatlarının yenilənməsi ilə prosesi tamamladım.
Lakin bu proses göstərir ki, məlumatların müxtəlif dövlət və xidmət sistemləri arasında sinxronlaşdırılması hələ də olduqca vacibdir.
Yaxşı olardı ki, Ünvan Portalındakı ən aktual məlumatlar qlobal xəritə sistemləri — Google Maps və OpenStreetMap ilə inteqrasiya olunsun. Həmçinin Azərpoçtun da bu məlumat bazasına daha sürətli inteqrasiyası vacibdir.
Bildiyim qədərilə, mygov platforması vasitəsilə artıq bəzi işlər görülür ki, vətəndaşlar ünvan dəyişiklikləri və kommunal xidmətlərlə bağlı bütün əməliyyatlar üçün fiziki olaraq müxtəlif qurumlara müraciət etməsinlər.
Ən optimal model belə olmalıdır: bir dəfə məlumat yenilənir və həmin məlumat avtomatik olaraq bütün aidiyyəti sistemlərdə sinxronlaşır.
Bu cür inteqrasiya:
📍 ünvan uçotunun dəqiqliyini artırar;
🗺️ naviqasiyanı yaxşılaşdırar;
📦 poçt və kuryer xidmətlərini sürətləndirər;
🚑 təcili yardım və digər operativ xidmətlərin ünvanı daha tez tapmasına kömək edər;
🏠 vətəndaşları eyni məlumatı dəfələrlə müxtəlif qurumlarda yeniləmək məcburiyyətindən azad edər.
Dəqiq və sinxronlaşdırılmış ünvan məlumatı sadəcə qeydiyyat məsələsi deyil — müasir şəhər idarəçiliyi, rəqəmsal dövlət, naviqasiya və xidmətlərin əlçatanlığı üçün vacib infrastrukturdur.
Sosial şəbəkələrdə paylaş
