Qara dənizdə taxıl daşımaları ilə bağlı risklər artır: buğdanın qiyməti 3 ilin ən yüksək həddinə çatıb
Rusiya-Ukrayna müharibəsinin daha da şiddətlənə biləcəyi və Qara dəniz üzərindən taxıl daşımalarında problemlərin dərinləşəcəyi ilə bağlı narahatlıqlar dünya bazarında buğdanın qiymətini kəskin artırıb.
Çikaqo Fond Birjasında əsas buğda fyuçerslərinin qiyməti 2,6 faiz yüksələrək 2023-cü ilin iyulundan bəri ən yüksək göstəriciyə çatıb. Bundan əvvəl, çərşənbə günü buğda fyuçerslərində 6,4 faizlik artım qeydə alınmışdı. Son bir ay ərzində isə qiymətlər Qara dənizdə gəmiçiliklə bağlı çətinliklərin təsiri ilə təxminən 18 faiz bahalaşıb.
Buğdanın sürətlə bahalaşması qlobal ərzaq bazarında yeni risklərin yarandığını göstərir. Xüsusilə Yaxın Şərqdəki müharibənin enerji və nəqliyyat xərclərini artırdığı bir vaxtda taxılın bahalaşması ərzaq inflyasiyasının daha da sürətlənməsi ehtimalını artırır.
Bazar iştirakçılarını əsasən mümkün hərbi eskalasiya fonunda yaranacaq logistika problemləri narahat edir. Qara dənizdə limanların və taxıl terminallarının fəaliyyətinə mümkün zərbələr ixrac həcmlərinin azalmasına və tədarük zəncirində əlavə gərginliyə səbəb ola bilər.
Ukrayna Kənd Təsərrüfatı Nazirliyinin proqnozlarına əsasən, ölkənin cari mövsümdə kənd təsərrüfatı məhsulları üzrə ixracı əvvəlki gözləntilərin təxminən yarısı qədər ola bilər. Rusiyanın isə avqust ayında buğda tədarükünün ötən ilin eyni dövrü ilə müqayisədə 50 faizdən çox azalacağı gözlənilir.
Rusiya və Ukrayna dünya buğda ixracının dörddə birindən çoxunu təmin edir. Hər iki ölkə eyni zamanda böyük həcmdə arpa, qarğıdalı və günəbaxan yağı ixrac edir.
Bu səbəbdən Qara dənizdə yaranan hər hansı ciddi logistika məhdudiyyəti yalnız regional deyil, qlobal ərzaq bazarına da təsir göstərə bilər. Taxıl tədarükünün azalması isə qarşıdakı dövrdə un və çörək məhsullarının qiymətləri üzərində əlavə təzyiq yarada bilər.
Sosial şəbəkələrdə paylaş
