ABŞ-İran müharibəsi fonunda neftin qiyməti 70-126 dollar aralığında dəyişib
ABŞ və İran arasında müharibənin başlamasından ötən təxminən altı ay ərzində dünya neft bazarında ciddi dalğalanmalar müşahidə olunub. “Brent” markalı xam neftin bir barelinin qiyməti bu müddətdə 70-126 dollar arasında dəyişib.
Müharibədən əvvəl, fevralın 27-də “Brent”in qiyməti 72,48 dollar təşkil edib. Münaqişənin başlaması ilə xüsusilə Hörmüz boğazında və Yaxın Şərqdə neft tədarükünün pozulması ilə bağlı narahatlıqlar qiymətlərin sürətlə yüksəlməsinə səbəb olub.
Apreldə danışıqlar və regiondakı geosiyasi gərginlik fonunda “Brent”in qiyməti 86-126 dollar arasında dəyişib. Aprelin 30-da isə neftin qiyməti son dörd ilin ən yüksək göstəricisinə çataraq 126,41 dollar olub.
Sonrakı aylarda diplomatik təmasların bərpası və ABŞ-İran arasında mümkün razılaşma ilə bağlı gözləntilər neftin ucuzlaşmasına səbəb olub. İyulun 2-də “Brent”in qiyməti 70,14 dollara qədər geriləyərək müharibədən əvvəlki səviyyədən də aşağı düşüb.
Bununla belə, danışıqlarda davamlı nəticənin əldə olunmaması, ABŞ-ın İrana qarşı yeni sanksiyalar tətbiq etmək ehtimalı və Hörmüz boğazında tranzitin məhdud qalması bazarda yenidən bahalaşma yaradıb. Avqustun 21-də “Brent”in qiyməti 93 dollara yaxınlaşıb.
İran və Oman arasında Hörmüz boğazında müvəqqəti dəhlizin yaradılması ilə bağlı razılaşmadan sonra isə qiymətlər yenidən aşağı düşüb. Avqustun 26-da “Brent”in bir barelinin qiyməti 86 dollar ətrafında olub.
Hazırda Londonun ICE birjasında “Brent” markalı neftin bir bareli təxminən 87 dollara, Nyu-Yorkun NYMEX birjasında “Light” markalı neft isə 81 dollara satılır.
Ekspertlər hesab edirlər ki, Hörmüz boğazında keçidlərin məhdudluğu, bölgədə davam edən hərbi qarşıdurmalar və ölkələrin strateji neft ehtiyatlarını artırması neft bazarında riskləri yüksək səviyyədə saxlayır.
Digər tərəfdən, ABŞ-ın İrana qarşı yeni hərbi əməliyyatlara başlama ehtimalının azalması və Hörmüz boğazından neft daşımalarının artacağı ilə bağlı gözləntilər qiymətlərə aşağı istiqamətdə təzyiq göstərir. Buna baxmayaraq, boğazın gələcək statusu və Yaxın Şərqdəki geosiyasi vəziyyətlə bağlı qeyri-müəyyənlik neftin daha da ucuzlaşmasının qarşısını alan əsas amillər olaraq qalır.
