Dünya üzrə qaz tələbatı dörd ildən sonra ilk dəfə azala bilər
Beynəlxalq Qaz İttifaqının (IGU) proqnozuna görə, Yaxın Şərqdəki böhran səbəbindən 2026-cı ildə dünyada təbii qaza olan tələbat son dörd ildə ilk dəfə azala bilər.
İttifaqın hesabatında bildirilir ki, yaranmış böhran 2026-cı ildə qlobal qaz tələbatının 7 milyard kubmetr azalması ehtimalını artırıb. Bununla belə, ABŞ və digər regionlarda hasilatın artmasının Yaxın Şərqdəki itkilərin əhəmiyyətli hissəsini kompensasiya edəcəyi gözlənilir.
Hazırda Yaxın Şərqdə qaz tələbatı 2,7 faiz və ya 17 milyard kubmetr, Avropada 0,8 faiz və ya 4 milyard kubmetr, Asiyada isə 0,2 faiz və ya 2 milyard kubmetr azalıb.
Bunun əksinə, Cənubi Amerikada təbii qaza tələbat 4,7 faiz və ya 8 milyard kubmetr, Şimali Amerikada isə 0,9 faiz və ya 10 milyard kubmetr artıb.
Qeyd olunur ki, 2026-cı ilin ilk yarısında qlobal qaz tələbatı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 1,3 faiz azalıb. Dünyanın ən böyük qaz istehlakçısı isə ABŞ olaraq qalır.
