Ermənistanın ən böyük banklarından biri Gürcüstanın TeraBankını almaqda maraqlıdır
Ermənistanın aparıcı banklarından biri olan Ardshinbank Gürcüstanın TeraBank bankını almaqda maraqlıdır.
Bu barədə Gürcüstan Milli Bankının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, bankın TeraBankın alınmasında maraqlı olması barədə tənzimləyici qurumun məlumatı var. Lakin hazırda Ardshinbank bu məsələ ilə bağlı Milli Banka rəsmi müraciət etməyib.
Bundan əvvəl Gürcüstanın TV Pirveli telekanalı erməni iş adamı Karen Safaryanın rəhbərlik etdiyi Arins Group şirkətlər qrupunun Gürcüstanda TeraBankla yanaşı, Rustaveli prospektində yerləşən Biltmore hotelini də almaq niyyətində olduğunu açıqlayıb. Hazırda sözügedən aktivlərin BƏƏ kral ailəsinin üzvü, şeyx Nəhyan Mübarək Al Nəhyanın mülkiyyətində olduğu bildirilir.
Gürcüstan Milli Bankı qeyd edib ki, “Kommersiya bankları haqqında” qanuna əsasən, bankda əhəmiyyətli iştirak payının özgəninkiləşdirilməsi üçün tənzimləyici qurumun razılığı tələb olunur. Ardshinbank tərəfindən rəsmi müraciət daxil olduğu halda, Milli Bank məsələni öz səlahiyyətləri çərçivəsində araşdıraraq qərar verəcək.
Qeyd edək ki, TeraBank aktivlərinin həcminə görə Gürcüstanın altıncı ən böyük bankıdır. Bankın ümumi aktivləri hazırda 2,27 milyard lari, kredit portfeli isə 1,72 milyard lari təşkil edir.
1 lari təxminən 0,38 ABŞ dollarına bərabərdir.
