Qlobal enerji bazarında kritik hədd: dizel və reaktiv yanacaq tədarükü təhlükə altındadır
Dünyanın enerji bazarı son illərin ən ciddi sınaqlarından biri ilə üzləşir. Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol qlobal miqyasda xüsusilə dizel və reaktiv yanacaq tədarükünün kritik səviyyəyə çatdığını açıqlayıb.
Birolun sözlərinə görə, Yaxın Şərqdə başlayan müharibə və Hörmüz boğazında yaranan fasilələr nəticəsində enerji təchizatında itkilərin həcmi əvvəlki böyük böhranlarla müqayisədə misli görünməmiş səviyyəyə yüksəlib. O, mövcud vəziyyəti dünyanın indiyədək üzləşdiyi ən böyük enerji böhranı kimi qiymətləndirib.
Hörmüz boğazında yaranmış vəziyyət isə enerji bazarlarında etimad problemini daha da dərinləşdirib. Müharibədən əvvəl bu marşrutdan gündəlik təxminən 25 milyon barel neft və digər enerji məhsulları daşındığı halda, hazırda tranzit həcminin 15 milyon barel ətrafına düşdüyü bildirilir. Birolun fikrincə, gəmilərin yenidən bu marşruta qayıtmasını təmin etmək artıq yalnız iqtisadi deyil, həm də ciddi təhlükəsizlik məsələsidir.
Neft qiymətlərinin hələlik 100 dollar həddini keçməməsi isə bazarda əvvəlcədən formalaşmış böyük təchizat ehtiyatı və Beynəlxalq Enerji Agentliyinin 400 milyon barellik strateji ehtiyatının mövcudluğu ilə əlaqələndirilir. Lakin bu ehtiyatların enerji bazarına verdiyi “təhlükəsizlik yastığı” getdikcə zəifləyir.
Əsas risk isə xam neftdən daha çox emal olunmuş neft məhsulları ilə bağlıdır. Rusiyadakı neft emalı zavodlarına dəyən zərər, Çin və Hindistanın daxili tələbatı önə çəkməsi və ixracı azaltması dizel və aviasiya yanacağı bazarında təzyiqi artırıb. Nigeriyanın “Dangote” neft emalı zavodundan Avropaya göndərilən yanacaq həcmlərinin azalması da vəziyyəti mürəkkəbləşdirən amillər sırasındadır.
Bu tendensiya davam edərsə, nəticələr yalnız enerji sektoru ilə məhdudlaşmaya bilər. Aviareyslərin ləğvi, dizel çatışmazlığı, nəqliyyat xərclərinin artması və kənd təsərrüfatı sektorunda gübrə probleminin yaranması qlobal iqtisadiyyata əlavə təzyiq göstərə bilər.
Fatih Birolun qiymətləndirməsinə görə, dünya artıq “ən ucuz məhsulu tapmaq” prinsipindən “etibarlı tərəfdaş tapmaq” mərhələsinə keçir. Enerjinin geosiyasi alətə çevrilməsi ölkələri daha təhlükəsiz və şaxələndirilmiş təchizat zəncirləri qurmağa məcbur edir.
Qlobal enerji bazarının gələcəyi isə təkcə Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki gərginlikdən deyil, ABŞ-Çin texnoloji rəqabətindən, kritik minerallar uğrunda mübarizədən və mümkün Tayvan böhranından da asılı olacaq. Belə bir şəraitdə enerji təhlükəsizliyi artıq yalnız neft və qazın mövcudluğu deyil, həm də onların hansı marşrutlarla, hansı tərəfdaşlardan və nə dərəcədə etibarlı şəkildə əldə olunması məsələsinə çevrilir.
Sosial şəbəkələrdə paylaş
