Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığı yeni imkanlarla zənginləşir
Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev Azərbaycanın bu ölkədəki səfiri Əlimirzamin Əsgərovla görüşüb. Görüşdə Azərbaycan-Qazaxıstan münasibətlərinin hazırkı vəziyyəti, strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin daha da dərinləşdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər dövlət başçıları arasında formalaşmış müntəzəm siyasi dialoqun və qarşılıqlı etimadın ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığını qeyd ediblər.
Görüşdə iqtisadi-ticari əlaqələr də əsas müzakirə mövzularından biri olub. Qarşılıqlı ticarətin genişləndirilməsi, qeyri-xammal ixracının artırılması, sənaye sahəsində əməkdaşlığın gücləndirilməsi və investisiya imkanlarının genişləndirilməsi üçün mövcud potensialın reallaşdırılmasının vacibliyi vurğulanıb.
Nəqliyyat və tranzit sahəsində əməkdaşlığın inkişafı da xüsusi diqqət mərkəzində olub. Qazaxıstan Azərbaycanın Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafında mühüm tərəfdaş olduğunu bildirir. Bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi iki ölkənin Avrasiya nəqliyyat bağlantılarında rolunu daha da artırmaq imkanına malikdir.
Görüş zamanı Azərbaycan və Qazaxıstanın BMT, Türk Dövlətləri Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığı da nəzərdən keçirilib.
Görüşün yekununda Azərbaycan səfiri Əlimirzamin Əsgərov göstərilən səmimi münasibətə görə təşəkkür edib və iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin bundan sonra da inkişaf etdirilməsinə Azərbaycanın töhfə verməyə hazır olduğunu bildirib.
Sosial şəbəkələrdə paylaş
