Düşünməkdən keçib, əməl vaxtıdır
İqtisadçı-ekspert Natiq Cəfərli yazır:
"Azərbaycanda iqtisadi problemlərin dərinləşdiyi artıq müzakirə mövzusu deyil, reallıqdır. Bunu təkcə vətəndaşlar deyil, rəsmi statistika və hökumət nümayəndələrinin açıqlamaları da təsdiqləyir. Lakin problemlərin etiraf olunması hələ onların həlli demək deyil. Ölkədə iqtisadi çətinliklərin aradan qaldırılması ilə bağlı ciddi ictimai müzakirələr aparılmır, sağlam diskussiya mühiti formalaşmır. Rəsmilər daha çox monoloq formatında çıxış edir, konkret həll yollarından çox ümumi fikirlər səsləndirirlər. Nəticədə cəmiyyətin əsas sualları cavabsız qalır.
Halbuki, düzgün diaqnoz qoyulmadan düzgün müalicə mümkün deyil. İqtisadiyyatın hansı səbəblərdən zəiflədiyini açıq şəkildə müəyyənləşdirmədən vəziyyəti dəyişmək çətin olacaq. Əsas problemlərdən biri də odur ki, Azərbaycan vətəndaşının gəlirləri region ölkələri ilə müqayisədə geridə qalır. Bu isə səbəb deyil, nəticədir. Əsl səbəbləri iqtisadi modeldə, idarəetmə sistemində, investisiya mühitində, məhsuldarlıqda və rəqabət qabiliyyətində axtarmaq lazımdır.
2026-cı ilin birinci rübünün nəticələrinə əsasən qonşu ölkələrdə orta aylıq əməkhaqqı belədir: Rusiya – 1367 dollar, Belarus – 975 dollar, Qazaxıstan – 927 dollar, Gürcüstan – 870 dollar, Ermənistan – 813 dollar, Azərbaycan – 677 dollar, Qırğızıstan – 534 dollar.
Bu statistika göstərir ki, Azərbaycan yalnız Qırğızıstanı qabaqlayır. Halbuki ölkəmiz zəngin enerji resurslarına malikdir və uzun illər neft-qaz gəlirlərindən istifadə edib. Belə olan halda, təbii resursları olmayan Gürcüstandan hər ay 193 dollar, yəni təxminən 328 manat geri qalmağımız ciddi suallar doğurur. Bu fərq minlərlə ailənin büdcəsi üçün böyük məbləğdir.
Artıq problemləri sadalamaqla kifayətlənmək olmaz. Əsas məsələ onların həlli üçün konkret addımların atılmasıdır. Bunun üçün iqtisadi islahatlar sürətləndirilməli, özəl sektorun inkişafı üçün maneələr aradan qaldırılmalı, rəqabət mühiti genişləndirilməli, kiçik və orta sahibkarlıq dəstəklənməli, yüksək maaşlı iş yerlərinin yaradılması dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilməlidir.
Bu gün Azərbaycan iqtisadiyyatı üçün əsas çağırış problemləri gizlətmək və ya izah etmək deyil, onları həll etməkdir. Düşünməkdən keçib, artıq əməl vaxtıdır".
