Abşeron dairəvi dəmir yolu marşrutunda qatarların hərəkət cədvəli yenilənir

21 yanvardan etibarən Abşeron dairəvi dəmir yolu marşrutunda qatarların hərəkət cədvəlində dəyişikliklər qüvvəyə minəcək.
Azərbaycan Dəmir Yolları (ADY) bildirir ki, yeni qrafik iş günlərində 96 reysi əhatə edəcək. İş günləri saat 18:40-da Bakıdan Xırdalan istiqamətində hərəkət edən ekspres qatar Biləcəri stansiyasında da dayanacaq. Eyni zamanda Sumqayıt–Pirşağı–Bakı xətti üzrə saat 08:00-da əlavə reys açılıb. Bu marşrutda Sumqayıtdan saat 07:30 və 08:00-da yola çıxan ekspres qatarları Bakıxanov stansiyasında da dayanacaq.
Bundan əlavə, Bakı–Pirşağı–Sumqayıt marşrutu üzrə saat 18:05-də hərəkət edən ekspres qatar Sabunçu vağzalında dayanacaq.
Qrafik dəyişiklikləri qatarlardan birinin planlı təmirə çıxarılması səbəbindən həyata keçirilir. Şənbə və bazar günləri isə şəhərətrafı qatarların hərəkət cədvəli əvvəlki kimi qalacaq.
ADY vurğulayır ki, hərəkətin təhlükəsizliyi, sərnişinlərin rahatlığı və hərəkət vasitələrinin etibarlı istismarı məqsədilə infrastrukturun yenilənməsi və qatarların texniki baxışı davamlı aparılır.


