Tender bazarında 1 manatlıq müharibə

Azərbaycanda İT sektorunda qəribə, hətta bir az narahatedici bir reallıq formalaşıb. Kənardan baxanda bazarda hərəkət var, tenderlər keçirilir, şirkətlər aktivdir. Amma bir az dərinə gedəndə görünür ki, bu aktivlik inkişafdan yox, sıxıntıdan qaynaqlanır.
Bu gün artıq sektorda demək olar ki, hamı eyni pul uğrunda mübarizə aparır. Söhbət böyük layihələrdən getmir. Əksinə, 20-30 min manatlıq tenderlər belə iri dövriyyəsi olan şirkətlərin maraq dairəsinə düşür. Bir neçə yüz minlik layihələrə isə milyonlarla dövriyyəsi olan şirkətlər girir və təbii olaraq üstün mövqedə olduqları üçün əksər hallarda qalib də elə onlar olur.
İTK üzrə ekspert Osman Gündüz bu tendensiyanı təsvir edərkən əslində çox vacib bir məqama toxunur: bazarda böyümə yoxdur, sadəcə mövcud resurslar uğrunda mübarizə gedir. Bu isə sağlam rəqabət deyil, bazarın daralmasının göstəricisidir.
Əvvəllər vəziyyət fərqli idi. Bazar daha balanslı görünürdü. Böyük şirkətlər iri layihələrə fokuslanırdı, kiçik və orta biznes isə öz seqmentində fəaliyyət göstərirdi. Hətta qeyri-rəsmi də olsa, müəyyən “oyun qaydaları” mövcud idi. İndi isə bu struktur tamamilə dağılıb.
Nəticədə bazarda qəribə bir mənzərə yaranıb. Böyük oyunçular kiçik layihələrə daxil olur, kiçik bizneslər isə sıxışdırılır. Qiymətlərin süni şəkildə aşağı salınması adi hal alır. Şirkətlər dəyər yaratmaqdan çox, sadəcə tender udmağa fokuslanır. Bu isə innovasiyanı da, keyfiyyəti də arxa plana keçirir.
Ən maraqlısı isə odur ki, bu proseslər fonunda regionda tam əks dinamika müşahidə olunur. Qonşu ölkələrdə İT və süni intellekt sahəsinə ayrılan vəsaitlər artır, böyük fondlar yaradılır, startap ekosistemləri gücləndirilir. Orada bazar böyüyür. Bizdə isə mövcud bazar kiçilir və xırdalanır.
Halbuki vəziyyəti dəyişmək üçün mexanizmlər mövcuddur. Dövlət səviyyəsində rəqəmsal inkişafla bağlı kifayət qədər ciddi sənədlər qəbul olunub. Koordinasiya üçün Rəqəmsal İnkişaf Şurası yaradılıb. İcra mexanizmləri isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi üzərindən qurulmalı idi.
Kağız üzərində hər şey var. Problem onların işləməməsindədir.
Əgər bazarın əsas iştirakçıları — şirkətlər, ekspertlər, analitiklər — bu prosesə cəlb olunmursa, qəbul olunan planlar real təsir yaratmır. Əgər yenə də proseslər kənardan gözlənilən konsaltinq hesabatlarına bağlanırsa, bu sahədə sürətli dəyişiklik gözləmək sadəlövhlük olar.
Görünən odur ki, məsələ artıq sadəcə gecikmək deyil. Biz tədricən regional rəqabətdə geri qalırıq. Və ən təhlükəlisi odur ki, bu proses səssiz şəkildə baş verir.
Əgər bazar böyüməsə, bu “1 manat uğrunda savaş” daha da sərtləşəcək. Və sonda bu mübarizədə nə kiçik biznes qalib gələcək, nə də sektorun özü.
Sosial şəbəkələrdə paylaş