Ölçmə vasitələrini yoxlayan şəxslər üçün növbəti attestasiya keçiriləcək

Yanvarın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən ölçmə vasitələrinin yoxlanılması ilə məşğul olan fiziki şəxslər üçün növbəti attestasiya təşkil olunacaq.
Attestasiya zamanı yoxlayıcıların peşə hazırlığı, təhsili və iş təcrübəsi, metrologiya üzrə nəzəri bilikləri, kommunikasiya bacarıqları, eləcə də ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində qanunvericilik aktları üzrə bilikləri qiymətləndiriləcək.
Mövcud qaydalara əsasən, bu sahədə fəaliyyət göstərən fiziki şəxslər və akkreditasiya olunmuş qurumlarda yoxlayıcı kimi çalışan əməkdaşlar 21 yanvar 2026-cı il tarixinədək müvafiq ərizə formasını dolduraraq Agentliyə müraciət edə bilərlər. Müraciətlər birbaşa, rəsmi internet səhifəsi və ya elektron poçt vasitəsilə qəbul olunur.
Attestasiyadan uğurla keçən şəxslərə 5 il müddətinə qüvvədə olan attestat təqdim ediləcək.
Attestasiya 27 yanvar 2026-cı il tarixində saat 15:00-dan 17:00-dək, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin inzibati binasında keçiriləcək.