2026-cı ildə Orta Dəhlizin şərq istiqamətinə diqqət artırılacaq

2026-cı ildə Azərbaycan Dəmir Yolları (ADY) Orta Dəhlizin şərq istiqamətinin inkişafına xüsusi diqqət ayırmağı planlaşdırır. Şirkət bu nəqliyyat arteriyasının hər iki istiqamətdə işləməsini təmin etmək niyyətindədir.
ADY şərq istiqamətini Orta Dəhlizin inkişafı üçün açar istiqamət hesab edir. ADY rəhbərinin müşaviri Emil Məmmədov bildirib ki, Orta Dəhliz son illərdə yalnız ideyadan çıxıb, faktiki olaraq fəaliyyət göstərən layihəyə çevrilib. O qeyd edib ki, qərb istiqamətində yük daşımaları hər il artır.
“Qərb istiqamətində daşımaların həcmi ilbəil artır. Buna artıq həyata keçirilmiş konkret addımlar təsir göstərib: TMTM üzrə birgə müəssisə vasitəsilə koordinasiya, Bakı-Tbilisi-Qars dəmir yolunun keçid qabiliyyətinin artırılması, vaqon parkının genişləndirilməsi, Xəzər dənizində yeni konteyner gəmilərinin istifadəyə verilməsi və liman infrastrukturunun davamlı modernləşdirilməsi”, – deyə Emil Məmmədov bildirib.
ADY-nin yeni hədəfi şərq istiqamətində stabill daşımaların təşkili, bir tərəfli koridoru iki tərəfli marşruta çevirməkdir. Emil Məmmədov əlavə edib ki, Azərbaycanda nəqliyyat koridorunun inkişafı üçün xarici tərəfdaşlarla əməkdaşlıq davam etdiriləcək.