Bakıda yelkənçilərin Azərbaycan çempionatında final mərhələsi keçiriləcək
Bakıda keçirilən yelkən idmanı üzrə açıq Azərbaycan çempionatında ikinci yarış günü başa çatıb.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Su İdman Növləri Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışlar Şıxov çimərliyi ərazisində yerləşən Yelkən Mərkəzində təşkil olunur.
Çempionatda Azərbaycan və Türkiyə təmsilçiləri Optimist və ILCA4 sinifləri üzrə mübarizə aparırlar.
Yarışın ikinci günündə idmançılar küləyin sürəti və istiqaməti nəzərə alınmaqla müəyyən edilmiş marşrut üzrə bir neçə yürüşdə iştirak ediblər. Yürüşlərin hər birinin nəticəsi ayrıca hesablanıb. Ümumi sıralama iştirakçıların topladığı xallar əsasında müəyyənləşdirilir.
Final yürüşləri sentyabrın 14-də keçiriləcək. Bundan sonra hər iki sinif üzrə çempionatın qalibləri müəyyən olunacaq.
Həmin gün saat 16:00-da mükafatlandırma mərasimi təşkil ediləcək. Qaliblərə diplom və medallar təqdim olunacaq. Digər tərəfdən, yarışın bütün iştirakçıları federasiya tərəfindən sertifikatlarla təltif ediləcəklər.
Yarışda Türkiyədən 10 idmançıdan ibarət heyət iştirak edir.
