Bakı Olimpiya Stadionunda “Sabah”ın oyunları üçün hazırlıq görülür
“Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirəcəyi ev oyunlarına hazırlıq çərçivəsində Bakı Olimpiya Stadionunun (BOS) meydançasında ot örtüyünün yenilənməsinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, meydançanın mövcud ot örtüyünün üst qatı artıq sökülüb. Hazırda əraziyə qum təbəqəsi çəkilir və yeni örtük üçün meydançanın səviyyəsi hazırlanır.
Məlumata görə, stadion üçün təbii ot rulonları sifariş olunub. İşlərin sentyabrın sonunda yekunlaşdırılması, ən gec isə oktyabrın 5-də meydançanın tam hazır vəziyyətə gətirilməsi planlaşdırılır.
Xatırladaq ki, “Sabah” Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə sentyabrın 10-da başlayacaq. Komanda ilk görüşünü İngiltərədə “Mançester Yunayted”ə qarşı keçirəcək.
Azərbaycan çempionunun turnirdə ilk ev oyunu oktyabrın 13-də baş tutacaq. II tur çərçivəsində “Sabah” Çexiyanın “Slaviya Praqa” klubu ilə qarşılaşacaq.
