UEFA-dan FIFA prezidenti İnfantinoya qarşı ciddi ittihamlar: “Satış planı saxta və bazardan kənar qiymətlə hazırlanıb”

UEFA ABŞ məhkəməsinə təqdim etdiyi hüquqi müraciətdə satışa çıxarılması planlaşdırılan payların dəyərinin müstəqil şəkildə qiymətləndirilmədiyini və onların həddindən artıq aşağı qiymətə təklif edilməsinin nəzərdə tutulduğunu iddia edib. UEFA bu planı “İnfantinonun şəxsi maraqları naminə təşviq etdiyi, bazar qiymətindən kənar saxta satış” adlandırıb.
Müraciətdə bildirilir ki, İnfantinonun açıqladığı şərtlərə əsasən, investorlar FIFA-nın kommersiya strukturunda 4,2 milyard dollar qarşılığında daimi maliyyə payı əldə edə bilərdilər. Bu isə FIFA-nın kommersiya qolunun müəssisə dəyərinin təxminən 20 milyard dollar olması deməkdir. UEFA hesab edir ki, bu rəqəm nə açıq və rəqabətli hərrac nəticəsində müəyyənləşdirilib, nə də müstəqil qiymətləndirici tərəfindən yoxlanılıb.
UEFA Florida məhkəməsinə müraciət edərək FIFA-nın iki şirkətinin – FIFA Americas və FWC2026-nın saxladığı sənədlərə çıxış əldə etməyə çalışır. Bu sənədlərin gələcəkdə İsveçrədə başlanması planlaşdırılan cinayət işi çərçivəsində istifadə edilməsi nəzərdə tutulur. Hər iki şirkət Florida ştatında yerləşir.
UEFA iddia edir ki, satış planı qurumun 55 üzv ölkəsinə potensial zərər vura bilərdi. Təşkilat FIFA prezidenti Canni İnfantino ilə yanaşı, digər FIFA rəsmilərinə qarşı da cinayət təqibi başlada biləcəyini açıqlayıb.
Müraciətdə qeyd olunur: “UEFA və digər maraqlı tərəflər İnfantino və ola bilsin ki, digər FIFA rəsmiləri və məsləhətçilərinə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə və səhlənkarlıqla idarəetmə ilə bağlı İsveçrədə cinayət işi qaldırmağa hazırlaşırlar”.
UEFA hesab edir ki, sövdələşmənin strukturu, qiymətləndirilməsi, maliyyələşdirilməsi və marketinqi gizli şəkildə aparılıb və bu proses FIFA-nın nüfuzuna, idarəetmə imkanlarına və kommersiya əlaqələrinə birbaşa zərər vurub. Təşkilatın fikrincə, bundan FIFA-nın 211 üzvü, o cümlədən UEFA-nın 55 milli assosiasiyası zərər çəkə bilərdi.
UEFA həmçinin iddia edir ki, plan digər əsas futbol qurumlarının və maraqlı tərəflərin məlumatı olmadan hazırlanıb və uzun müddət gizli saxlanılıb.
Müraciətdə bildirilir ki, 28 iyul 2026-cı ildə İnfantino FIFA Şurası, UEFA, digər konfederasiyalar və FIFA-nın 211 üzv assosiasiyası ilə məsləhətləşmədən kişilər və qadınlar arasında dünya çempionatlarının, eləcə də Klublararası Dünya Kubokunun kommersiya hüquqlarının yeni törəmə şirkətə – FIFA Forward Enterprise-ə verilməsi planını açıqlayıb.
UEFA bu açıqlamanı İnfantino və “kiçik bir qrup əlbir şəxsin” bir ildən artıq müddətdə gizli şəkildə hazırladığı planın ictimaiyyətə təqdim edilməsi kimi qiymətləndirir.
Təşkilat sənəddə FIFA rəsmiləri arasında “uzunmüddətli korrupsiya tarixinin” olduğunu da iddia edib. UEFA-nın fikrincə, dünya futbolunun ali qurumu planlarından əsasən futbol xaricindən gələn siyasi təzyiq, ictimai nəzarət və beynəlxalq hüquq-mühafizə orqanlarının müdaxiləsi nəticəsində geri çəkilir.
FIFA-nın baş qərargahı İsveçrənin Sürix şəhərində yerləşir. UEFA bildirir ki, İnfantinoya qarşı cinayət işi başlanması İsveçrə qanunvericiliyi baxımından hüquqi əsaslara malikdir.
Bundan başqa, BBC Sport-un məlumatına görə, UEFA Nyu-York məhkəməsinə də ayrıca müraciət edib. Təşkilat FIFA Forward Enterprise-də pay əldə etməsi nəzərdə tutulan Thrive Capital şirkətindən və onun təsisçisi, ABŞ prezidenti Donald Trampın kürəkəni Jared Kuşnerin qardaşı Coş Kuşnerdən sənədlərin təqdim edilməsini tələb edir. Hüquqi sənədlərdə ABŞ-ın JP Morgan investisiya bankının adı da keçir.
UEFA daha bir müraciəti Kolorado məhkəməsinə təqdim edib. Bu müraciət keçmiş Formula 1 rəhbəri Qreq Maffei və onun Bann Ventures şirkəti ilə bağlıdır. Maffei məhkəmə sənədlərində planlaşdırılan FIFA Forward Enterprise sövdələşməsinin “əsas kommersiya məsləhətçisi” kimi təqdim olunur.
BBC Sport məsələ ilə bağlı UEFA-ya da müraciət edib.