Bakı ilk dəfə IRONMAN 70.3 triatlon yarışına ev sahibliyi edəcək
Bakı bu il ilk dəfə beynəlxalq ALUFAR IRONMAN 70.3 triatlon yarışına ev sahibliyi edəcək.
Yarış sentyabrın 5-də Azərbaycanın Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və “Baku City Circuit” Əməliyyat Şirkətinin təşkilatçılığı ilə keçiriləcək.
Yarışda dünyanın 62 ölkəsindən 1 500-ə yaxın idmançının iştirakı gözlənilir. Proqrama Xəzər dənizində 1,9 kilometr üzgüçülük, 90,1 kilometr velosiped yarışı və Bakı bulvarı boyunca 21,1 kilometr yarımmarafon daxildir. Finiş “Yeddi gözəl” fəvvarəsinin yaxınlığında olacaq.
Yarışın yekunlarına əsasən, kişilər və qadınlar arasında ilk 25-likdə yer alan iştirakçılar 2027-ci ildə ABŞ-da keçiriləcək IRONMAN 70.3 Dünya Çempionatına vəsiqə qazanacaqlar.
IRONMAN həftəsi çərçivəsində sentyabrın 4-də Bakıda IRONKIDS və Fun Run qaçışları da təşkil olunacaq. IRONKIDS yarışında müxtəlif yaş qruplarından olan uşaqlar iştirak edə biləcəklər. 18 yaşdan yuxarı şəxslər üçün isə 5 kilometrlik Fun Run qaçışı keçiriləcək.
