Gürcüstan millisinin yarımmüdafiəçisi Portuqaliya nəhənginin diqqət mərkəzində

Gürcüstan milli komandasının futbolçusu Zuriko Davitaşvili karyerasını yaxın zamanda Portuqaliyada davam etdirə bilər. 24 yaşlı yarımmüdafiəçi ilə ölkənin aparıcı klublarından biri maraqlanır.
Urbaninfo.az xəbər verir ki, Portuqaliya mətbuatının yazdığına görə, hazırda Fransanın “Sent-Etyen” klubunda çıxış edən Zuriko Davitaşvili Lissabon “Benfika”sının transfer siyahısına daxil edilib. Klub rəhbərliyi sol cinahın gücləndirilməsi üçün üç namizədi nəzərdən keçirir ki, onların sırasında gürcü futbolçu ilə yanaşı, “Volfsburq”un avstriyalı yarımmüdafiəçisi Patrik Vimmer və “Reyms”in yaponiyalı oyunçusu Keyto Nakamura da var.
Cari mövsümdə Fransa Liqa 2-də “Sent-Etyen”in formasında 16 oyuna çıxan Davitaşvili 8 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun stabil çıxışı Avropa klublarının diqqətini cəlb edib.
Hazırda Portuqaliya çempionatında “Benfika” 39 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Çempionata 46 xalla “Portu” liderlik edir, 42 xalla “Sportinq” isə ikinci yerdədir.