Şimali Kiprdə gəmi faciəsi hökuməti böhrana sürüklədi – nazir vəzifədən çıxarıldı
Şimali Kiprin Baş naziri Ünal Üstel Girnə sahillərində baş verən və 9 nəfərin ölümü ilə nəticələnən gəmi faciəsinin araşdırılması ilə bağlı mühüm qərar qəbul edib.
Baş nazir istintaqın obyektiv və hərtərəfli aparılmasını təmin etmək məqsədilə Rabitə və Nəqliyyat naziri Erhan Arıklını vəzifəsindən azad etdiyini açıqlayıb.
Qərardan sonra Arıklının rəhbərlik etdiyi Yenidən Doğuş Partiyası (YDP) hökumətdən ayrıldığını bəyan edib. Bununla da Şimali Kiprdə hakim koalisiyanın tərkibində dəyişiklik baş verib.
Hazırda Şimali Kipr hökuməti Ünal Üstelin rəhbərlik etdiyi Milli Birlik Partiyası (UBP), Demokrat Partiyası (DP) və YDP-dən ibarət üçlü koalisiya əsasında fəaliyyət göstərirdi. Üstel həm də UBP-nin sədridir.
Vəzifəsindən azad edilən Erhan Arıklı isə YDP-nin rəhbəridir. DP sədri Fikri Ataoğlu baş nazirin müavini vəzifəsini tutur.
Qeyd edək ki, Girnə sahillərində baş verən gəmi faciəsində 9 nəfər həyatını itirib, 19 nəfər isə itkin düşüb. Hadisə Şimali Kiprdə hökumətə qarşı ciddi təzyiqlərin yaranmasına səbəb olub.
Ünal Üstelin rəhbərlik etdiyi koalisiya hökuməti 2022-ci ilin mayından fəaliyyət göstərir. YDP-nin koalisiyadan çıxması isə hökumətin gələcəyi ilə bağlı siyasi suallar yaradıb.
