Tehranda etirazçılar onlarla bank və dövlət müəssisəsini dağıtdı

İranın paytaxtı Tehranda keçirilən etirazlar zamanı 26 bank və 10 dövlət müəssisəsi zərər görüb. Bu barədə şəhər meri Alireza Zakani dövlət televiziyasına açıqlamasında bildirib.
Zakani əlavə edib ki, etirazçılar 25 məscidi, 42 avtobus, 48 yanğın maşınını yandırıb, həmçinin hüquq-mühafizə postlarına hücum ediblər. Eyni zamanda 24 mənzil də zədələnib.
İranın yerli valyutasının devalvasiyası fonunda 28 dekabrda başlayan etirazlar ölkədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə müşayiət olunub. Ən böyük aksiyalar Tehranda keçirilib, şiddətli qarşıdurmalar isə ölkənin qərb və cənub-qərb bölgələrində, o cümlədən Malekşahi, Kərmanşah və Lordegan şəhərlərində qeydə alınıb.
9 yanvar tarixində İran Təhlükəsizlik Şurası ABŞ və İsraili etirazların təşkilində ittiham edib. Ali dini lider Əli Xameneyi bildirib ki, etirazçılar ABŞ Prezidenti Donald Trampın xeyrinə hərəkət edirlər və Trampın əslində dinc sakinlərə marağı yoxdur. O, həmçinin Trampa öz ölkəsindəki vəziyyətlə məşğul olmağı tövsiyə edib.