Baykalda buz üzərinə çıxan avtomobillər dronlarla izlənilir

Baykal gölünün buz örtüyünə rəsmi keçidlərdən kənar çıxan sürücülər artıq pilotsuz uçuş aparatları vasitəsilə aşkarlanır. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin İrkutsk vilayəti üzrə Baş İdarəsi məlumat verib.
Bildirilib ki, patrul qrupları Baykal gölündə nəzarət və profilaktik tədbirlər həyata keçirirlər. Patrul marşrutları turistlər arasında məşhur olan istiqamətlərdə — Xujir, Bolşoye Qoloustnoye, Slyudyanka və Listvyanka ərazilərində təşkil olunub.
Nazirliyin pilotsuz aviasiyası, o cümlədən təyyarə tipli dronlar qayda pozuntularının aşkarlanmasında iştirak edir.
Qurumdan bildirilib ki, dronların köməyi ilə buz üzərinə icazəsiz çıxış nöqtələri müəyyən edilir və qayda pozuntuları dərhal qeydə alınır. Foto və videolarda buz üzərinə rəsmi buz keçidlərindən kənar çıxan avtomobillərin dövlət nömrə nişanları görünür və bu məlumatlar aidiyyəti qurumlara göndərilir.
Fevralın 20-də Baykalda sürücü və Çindən olan səkkiz turistin olduğu UAZ markalı avtomobil buzun altına düşmüşdü. Hadisə gölün buz örtüyünün təhlükəli olduğunu bir daha göstərib.
Urbaninfo.az