Koreyalı alimlər qanaxmanı bir saniyəyə dayandıran yeni toz hidrojel hazırlayıb

KAIST (Koreya Ali Elmlər və Texnologiya İnstitutu) alimləri, yaraya səpildikdə bir saniyə ərzində sıx hidrojelə çevrilərək qanaxmanı dərhal dayandıran AGCL adlı toz vasitə hazırlayıblar. Nəticələr Advanced Functional Materials jurnalında dərc olunub.
Urbaninfo.az xəbər verir ki, ənənəvi yapışqanlar və süngərlər kiçik kəsiklərdə effektiv olsa da, dərin və güclü qanaxan yaralarda işə yaramır. Yeni material isə təbii biouyğun komponentlərdən hazırlanıb: alqinat və gellan kalsiumla təmasda gelləşərək yaranı fiziki olaraq möhürləyir, xitozan isə əlavə olaraq qanaxmanı azaldır. Nəticədə yaranın səthində üçölçülü barier formalaşır və yüksək təzyiq altında belə qalır.
AGCL öz ağırlığının yeddi dəfəsindən çox qanı udmağa qadirdir və 40 kPa üzərində yapışma gücünə malikdir. Heyvan modellərində, o cümlədən qaraciyər zədələnməsində, material qan itkisini və hemostaz vaxtını kommersiya vasitələri ilə müqayisədə əhəmiyyətli dərəcədə azaldıb. İki həftə sonra isə qaraciyərin funksiyası tam bərpa olunub.
Alimlər bildiriblər ki, AGCL otaq temperaturunda və yüksək rütubətdə iki ilə qədər öz xüsusiyyətlərini saxlayır. Materialın yaradılmasında məqsəd ekstremal şəraitdə belə etibarlı işləməkdir və gələcəkdə təcili tibbdə və sahə cərrahiyyəsində geniş istifadə imkanı var.